MƏDƏNİYYƏT


Belçika Krallığında “Şuşa İli” çərçivəsində sərgi və konsert proqramı təşkil edilib VİDEO

Brüssel, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində “Arts Council Azerbaijan” təşkilatının və səfirliyin birgə əməkdaşlığı ilə “Qəlbim Qarabağdadır” adlı sərgi və konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Belçika Krallığındakı səfiri Vaqif Sadıqov tədbirdə çıxış edərək “Qəlbim Qarabağdadır” adlı sərginin iki mühüm hadisəyə həsr olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilmiş Anım Günü, habelə bu il Azərbaycanda qeyd edilən “Şuşa İli” sərgidə nümayiş olunan əsərlərin mahiyyəti və bədii ruhu ilə səsləşir.

Səfir qonaqlara bu il 270 illik yubileyi qeyd olunan və Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin vacib tarixi şəhər olmasından danışıb. Bildirilib ki, Şuşa şəhəri həm də bir çox tanınmış musiqiçi, bəstəkar və şairlərin doğma vətənidir.

Sonra tədbir iştirakçılarına “Qəlbim Qarabağdadır” adlı sərgi çərçivəsində layihənin rəhbəri Sona Quliyeva tərəfindən 8-15 yaşlı uşaqların Şuşa şəhəri və Qarabağla bağlı 19 rəsm əsəri təqdim edilib. Həmçinin, məşhur pianoçu, beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadə Azərbaycan klassik musiqisi nümunələri olan bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovun əsərləri ilə yanaşı, Ramin Quliyevin Azərbaycanın şəhid əsgərlərinin xatirəsinə həsr etdiyi ballada, Pikə Axundovanın “Salam, Şuşa!” və Sevda Məmmədlinin “Laçın balladası” əsərlərini ifa edib.

Tədbirdə Brüsseldə fəaliyyət göstərən səfirliklərin nümayəndələri, Azərbaycanın NATO yanında nümayəndəliyinin əməkdaşları, Avropa İttifaqı qurumlarında çalışan rəsmilər, Belçikanın ictimai-siyasi xadimləri, elm, incəsənət, media və tədqiqat mərkəzləri nümayəndələri, Belçikadakı Azərbaycanlı icmaların nümayəndələri iştirak edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.