MƏDƏNİYYƏT
Belçika Senatının fəxri sədri Anne-Marie Lizin Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 12-də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Belçika Senatının fəxri sədri, Sarbonna Universitetinin professoru Anne-Marie Lizin və “Grey Matter İnternational” LTd-nin prezidenti Salah Brahimi Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu ali məktəbin rektoru, professor C.Cəfərov qonaqlara institutun yaranma tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir.
Anna-Marie Lizin Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada mədəni tədbirlərin keçirilməsi, Azərbaycan həqiqətlərinin Fransa və Belçika ictimaiyyətinə obyektiv çatdırılması istiqamətindəki fəliyyətini gələcəkdə də davam etdirəcəyini bildirmişdir.
Azərbaycana səfəri çərçivəsində Quba şəhərindəki soyqırımı qurbanlarının kütləvi məzarlığını ziyarət edən Anna-Marie Lizin erməni vəhşiliyinin Fransa xalqına çatdırılmasında üzərinə düşən vəzifəni yerinə yetirəcəyini bildirmişdir.
Təhsil sahəsindəki uğurlardan məmnunluğunu bildirən qonaq ATİ ilə Sarbonna Universiteti arasında ikitərəfli əlaqələrin yaranmasında maraqlı olduğunu söyləmişdir.
Görüşdə turizm sahəsində ATİ ilə Sarbonna Universiteti arasında ikitərəfli əlaqələri ehtiva edən layihələrin, Fransada Azərbaycanın turizm potensialı ilə bağlı daha çox maarifləndirmə işlərinin aparılması sahəsində razılıq əldə edilmişdir.