DÜNYA
Belçikada “Argenta” bankının bölməsi partlayış törədilməklə qarət edilib
Brüssel, 16 may, AZƏRTAC
Ötən gecə Belçikanın Limburq şəhərində soyğunçular “Argenta” bankının bölməsinə hücum ediblər. Onlar nağd pulları ələ keçirmək üçün bankomatı partladıblar və dərhal qaçıb aradan çıxıblar.
AZƏRTAC yerli polisə istinadla bildirir ki, oğrular özləri ilə külli miqdarda pul aparıblar. Lakin əsginaslar, çox güman, mürəkkəbə batdığına görə onlardan istifadə etmək mümkün olmayacaq.
Şəhərin prokuroru partlayıcı qurğudan istifadə olunması faktını təsdiq edib. O bildirib ki, bu il Limburq əyalətində artıq beşinci dəfədir ki, bankomatda partlayış törədilir.
Şəhərin meri Lode Tseyssens bildirib ki, hücum nəticəsində şəhər sakinlərindən heç kim zərər çəkməyib.
Gecə saat təqribən 3-də yerli sakinləri güclü partlayış oyadıb. Yanğından mühafizə xidmətləri zədələnmiş bank binasının çökməsinə yol verməmək üçün bir neçə saat ərzində onun möhkəmləndirilməsi işləri ilə məşğul olublar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel