CƏMİYYƏT
Belçikada ekologiya hərəkatının gənc ulduzu parlayır
Brüssel, 11 mart, AZƏRTAC
Belçikadakı “Gənclər iqlim uğrunda” adlı hərəkatın lideri, 17 yaşlı məktəbli Anuna de Vever bildirib ki, siyasətçiləri ətraf mühitin müdafiəsi barədə tez-tez fikirləşməyə və konkret tədbirlər görməyə inandırmaq məqsədilə tətillər və yürüşlər davam edəcək.
Bu yaxınlarda Brüsseldə keçirilmiş mitinqdə çıxış edən Anuna deyib: “Mən həqiqətən öz gələcəyim üçün qorxuram. Keçən il yayda Belçikada hava çox isti idi, əgər iqlim dəyişmələri bu cür davam edərsə, bunun nəticələrini təsəvvür edirəm”.
AZƏRTAC xəbər verir ki, Anuna bu il məktəbi bitirəcək. lakin gənc olmasına baxmayaraq həm öz yaşıdlarının, həm də yaşlı nəslə mənsub insanların iştirak etdiyi kütləvi tətillər və yürüşlər təşkil etməsi sayəsində bütün dünyada məşhurlaşıb:.
Anuna alovlu nitqlər söyləyərək bir sıra ölkələrin hökumətlərini qınayır ki, onlar iqlim dəyişməsinə görə təqsirkardırlar, çünki ekoloji cəhətdən zərərli istehsalatların inkişafını stimullaşdırırlar. Anuna həmvətənlərinə az ət yeməyi məsləhət görür ki, fermerlərin həddən artıq mal əti istehsal etməsinə ehtiyac olmasın, çünki bunun üçün çoxlu soya tələb olunur, onun yetişdirilməsinə isə çoxlu içməli su sərf edilir.
Bu günlərdə Avropa İttifaqına daxil olan digər ölkələrdə də gənclər arasında oxşar hərəkatlar yaradılır.
Vüqar Seyidov
AZƏRTAC –ın xüsusi müxbiri
Brüssel