DÜNYA
Belçikada irqçilik muzeyi irqçilik əleyhinə muzeyə çevrilib
Brüssel, 8 dekabr, AZƏRTAC
Yarımçılpaq, yaxud çılpaq vəhşi afrikalı: bu, XX əsrin əvvəlində Afrika qitəsinin Belçika xalqı arasında təbliğ edilən tipik obrazıdır. Hətta 1897-ci ildə Ümumdünya sərgisi üçün Belçika ətrafında Mərkəzi Afrika Kral Muzeyi də açılıb. Belçikanın müstəmləkəsi olan Konqodan eksponatların nümayiş etdirildiyi bu muzeydə hər addımbaşı irqi ayrı-seçkilik qabardılıb.
AZƏRTAC xəbər verir ki, müasir belçikalılar əcdadları tərəfindən afrikalıların bu şəkildə təbliğ edilməsinə görə xəcalət çəkirlər. On il əvvəl muzey yenidənqurma işləri üçün bağlanıb. Yenidənqurma işləri bir vaxtlar müstəmləkəçilik qaydalarının tərənnüm edildiyi binada konqalıların istismarını və müstəmləkəçilər tərəfindən yol verilmiş digər sui-istifadə hallarını ifşa etmək məqsədi ilə aparılıb.
İndi yenilənmiş sərgi salonunda konqalı heykəltəraşın heykəlləri qoyulub. Kral II Leopoldun büstü yanına izahat yazılmış lövhə vurulub: “Xeyli dərəcədə kral tərəfindən nəzarət edilən kauçuk və fil sümüyü ticarəti konqoluların həyatı bahasına başa gəlib”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel