DÜNYA
Belçikada keçirilən parlament seçkilərində ultrasağçı flamand partiyası ikinci yeri tutub
Brüssel, 27 may, AZƏRTAC
Ötən bazar günü keçirilən parlament seçkilərində “Vlaams Belang” partiyasından olan ultrasağçı qüvvələr Belçikanın flamanddilli əyalətlərində ikinci yerdə olublar. Bu, ölkə tarixində ilk dəfə baş verib.
AZƏRTAC xəbər verir ki, partiyanın lideri Tom Van Qriken bu qələbə münasibətilə söylədiyi nitqində tərəfdarlarına deyib: “bu, xalqın seçimi idi və xalqın rəyi hər şeydən üstündür”.
Qriken öz tərəfdaşlarını rəqiblərinin məğlubiyyətinə gülməməyə çağırıb: “İltifatlı olun, axı ikinci yer də gözəl qələbədir”.
“Bu, “Qara bazar günü” (1991-ci ilin ümumi seçkilərinə işarə edir – AZƏRTAC) deyil, yeni ümidlər verən bazar günüdür. Biz millətin taleyi üçün məsuliyyəti öz üzərimizə götürürük”, - deyə Qriken bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel