Belçikada keçirilən şəhər bayramında Azərbaycan da təmsil olunmuşdur
AzerTAg.az
Ham, 22 sentyabr (AZƏRTAC). Belçikanın Ham şəhərində növbəti şəhər bayramı keçirilmişdir.
Bayramda ölkəmizi Belçikada fəaliyyət göstərən Azərbaycan-Belçika Dostluq Cəmiyyəti təmsil etmişdir. Cəmiyyətin sədri Ayhan Dəmirçi və qurumun əməkdaşları tərəfindən bayramın keçirildiyi meydanda Azərbaycanla bağlı iki çadır qurulmuşdur. Üzərində Azərbaycan bayrağının dalğalandığı çadırların birində ölkəmizin sosial-iqtisadi inkişafına və mədəniyyətinə, tarixinə, turizm potensialına aid təbliğat materialları sərgilənmiş, film nümayiş etdirilmişdir. Cəmiyyət tərəfindən flamand dilində hazırlanmış və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş Azərbaycan adlı broşür bayramın iştirakçılarına paylanılmışdır. Digər çadırda isə dərnəyin fəalları tərəfindən hazırlanmış Azərbaycan milli mətbəxinin nümunələri nümayiş etdirilmiş və ziyarətçilərə müxtəlif növ dadlı yeməklər təqdim olunmuşdur.
Sərgi iştirakçıları Azərbaycan çadırına xüsusi diqqət göstərmiş, şəhər bələdiyyə idarəsinin rəhbərliyi və regional deputatlar uğurlu fəaliyyətlərinə görə cəmiyyət üzvlərini təbrik etmişlər. Cəmiyyətin sədri A.Dəmirçi isə öz növbəsində Azərbaycanın Belçikadakı səfirliyinə sərginin təşkilinə verdiyi dəstəyə görə təşəkkür etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Xəbərin mətnində orfoqrafik səhv var