REGİONLAR
Belçikanın Gent şəhəri Avropanın Gənclər Paytaxtı olmuş Gəncənin təcrübəsini öyrənməkdə maraqlıdır

Gəncə, 7 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Belçikanın Gent şəhəri 2022-ci il üçün Avropanın Gənclər Paytaxtı adını əldə etmək məqsədilə öz namizədliyini irəli sürmək niyyətindədir. Bununla əlaqədar olaraq şəhərin rəhbərliyi və müvafiq qurumları Gəncə şəhərinin bu istiqamətdəki müvafiq təcrübəsini öyrənməkdə maraqlıdırlar.
Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu fikirlər Belçikada səfərdə olan Gəncənin nümayəndə heyətinin Gent şəhərində 2019-cu ildən mer vəzifəsini icra edəcək Matias de Klark ilə görüşündə səsləndirilib.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Xanlar Fətiyev, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri İlham Quliyev və eləcə də Azərbaycan Respublikasının Belçika Krallığındakı diplomatik nümayəndəliyinin 3-cü katibi Səbuhi Qasımov iştirak ediblər.
Nümayəndə heyəti Gent şəhərinin liman, iqtisadiyyat və sahibkarlıq şöbəsinin rəhbəri və 2019-cu ildən bu şəhərin meri vəzifəsini icra edəcək Matias de Klark, şəhərin vitse-meri, təhsil, təlim və gənclər şöbəsinin rəhbəri Elke Dekruyneyr ilə görüşüblər.
Görüşdə Azərbaycan və Belçika arasındakı ikitərəfli əlaqələrdən məmnunluq ifadə olunub. Gəncə ilə Gent şəhəri arasında gələcək əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dəvətə görə nümayəndə heyəti adından Gent şəhərinin gələcək meri Matias de Klarka təşəkkürünü bildirib, müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.
Qeyd edək ki, Gent Belçikanın 260 min nəfər əhalisi olan, geniş turizm imkanlarına malik üçüncü böyük şəhəridir.