DÜNYA
Belçikanın Gent şəhərində ölkə tarixində ən iri kompüter oğurluğu törədilib
Brüssel, 16 iyun, AZƏRTAC
Belçikanın Gent şəhərinin polisi şəhər meriyasının informasiya və kommunikasiya texnologiyaları şöbəsindən 310 noutbuk və planşetin oğurlanması ilə bağlı təhqiqata başlayıb.
AZƏRTAC xəbər verir ki, bu cinayət iyunun 16-na keçən gecə törədilib. Müstəntiqlərin fikrincə, hadisənin miqyası onu göstərir ki, oğrular hədəfə necə çatmağı yaxşı biliblər.
Belçikanın Flandriya bölgəsindəki bu kiçik şəhərdə indiyə qədər belə irimiqyaslı oğurluq qeydə alınmayıb. Oğurlanan avadanlıq bağlı qapılar arxasında və mühafizə olunan vəziyyətdə imiş. Qarətçilər 3 qıfılı açıb, qapıları qırıb, siqnalizasiyanı söndürüb və keşikçilərdən yayına biliblər.
Şəhər hakimiyyət orqanları belə hesab edirlər ki, oğrular bu kompüterlərdən fayda götürə bilməyəcəklər, çünki kompüterlər ya bloklanıb, ya da internet şəbəkəsinə qoşulandan dərhal sonra aşkar ediləcək.
Polis qarətçilərin şəxsiyyətini müəyyən etmək məqsədilə videomüşahidə kameralarının yazılarını araşdırır. Oğurluğun miqyası böyük hazırlıq işi aparılmaısını tələb edir. Bu qədər avadanlığın binadan çıxarılması və nəqliyyat vasitəsinə yüklənməsi üçün xeyli vaxt tələb olunmalı idi.
Oğurlanmış noutbuklarda oğrular üçün faydalı ola biləcək heç bir məlumat yoxdur. Onlar dövlət məktəblərində və müəssisələrdə köhnəlmiş avadanlığın əvəz edilməsi üçün alınmışdı.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel