CƏMİYYƏT
Bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi işində qadınların fəal iştirakı təmin olunur
Bakı, 1 dekabr, AZƏRTAC
Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli assosiasiyaları bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyaların üzvləri və məsul şəxslərin iştirakı ilə ikigünlük seminar-təlimlər təşkil edib.
AZƏRTAC xəbər verir ki, seminar-təlimlərdə Milli Məclisin Ailə, qadın və uşaq problemləri üzrə komitəsinin üzvləri Tamam Cəfərova və Nigar Arpadarai iştirak ediblər. Seminar-təlimlər 2 qrup üzrə təşkil edilib. Birinci qrupla seminar-məşğələni Tamam Cəfərova, ikinci qrupda isə Nigar Arpadarai aparıb.
T.Cəfərova əvvəlcə seminar iştirakçılarını Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edib. Deputat əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətin qadın siyasətinin hüquqi əsasları, qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi istiqamətində yaradılan milli qanunvericilik sahəsində əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Komitə üzvü vurğulayıb ki, ölkəmizdə dövlət qadın siyasətinin inkişafında və yeni mərhələyə keçməsində, qadınların dövlət idarəetməsində və seçkili orqanlarda təmsilçiliyinin artırılmasında, qadın hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının zənginləşməsində, eləcə də Azərbaycan qadınının dünyada ən yüksək səviyyədə təmsil olunmasında Birinci vitse-prezident xanım Mehriban Əliyevanın müstəsna xidmətləri var.
Yerli özünüidarəetmə orqanlarında qadın bələdiyyə üzvlərinin təmsilçiliyinin 39 faizədək yüksəldiyini qeyd edən T.Cəfərova onların fəaliyyəti üçün yeni imkanların yaradılmasını ölkəmizdə uğurla həyata keçirilən gender siyasətinin tərkib hissəsi olduğunu bildirib. Deputat bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyaların işinin gücləndirilməsi ilə bağlı tövsiyələrini verib, qadın bələdiyyə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Seminar-təlimin moderatoru Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov diqqətə çatdırıb ki, ölkəmizdə uğurla aparılan gender siyasətinə uyğun olaraq 15 bələdiyyədə bu ilin sentyabr ayında gender əsaslı komissiyalar yaradılıb. Həmin komissiyaların fəaliyyəti üçün ilkin mərhələdə Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatı tərəfindən texniki dəstək göstərilib və aidiyyəti qurumların yeni komissiyaların işinin gücləndirilməsi üçün bir neçə mərhələli tədbirlər həyata keçirməsi nəzərdə tutulub.
Seminar təlimdə çıxış edənlər bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi, qadınların qərar qəbuletmə prosesində fəallığının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və digər sahələr üzrə tövsiyələrini bildiriblər. Qeyd olunub ki, seminar iştirakçılarının təkliflərinə əsasən gender əsaslı büdcə layihəsinin tərtib olunması və yeni layihələrin hazırlanması məqsədilə bu ay növbəti seminar-təlim keçiriləcək.