SİYASƏT
“Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə edilib
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Milli Məclisin regional məsələlər komitəsinin iclasında “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə ikinci oxunuşda müzakirəyə çıxarılan layihə barədə məlumat verib. Bildirib ki, bu qanun layihəsi bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsiplərini, eyni zamanda, bunlara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilən zaman təklif olunan redaktə xarakterli dəyişikliklər işçi qaydasında baxılıb və araşdırılıb.
Qeyd edilib ki, 3 fəsil, 20 maddədən ibarət layihədə bələdiyyə qulluqçularının xidməti davranışının hüquqi tənzimlənməsi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, etik davranış qaydalarına əməl olunmasına nəzarət və digər məsələlər əksini tapır.
Layihənin ikinci oxunuşda müzakirəsi zamanı komitə üzvləri bəzi təkliflər səsləndiriblər. Qanun layihəsinin zəruriliyini diqqətə çatdıran komitə üzvləri onun bələdiyyələrin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına xidmət etdiyini söyləyiblər. Yeni qanun layihəsinin vətəndaş-bələdiyyə münasibətlərini daha da möhkəmləndirəcəyi diqqətə çatdırılıb.
Müzakirələrdən sonra layihə ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib.