SİYASƏT


Bələdiyyə seçkilərinə irəli sürülən namizədlərin 40 faizindən çoxu YAP-ın payına düşür

Bakı, 23 dekabr, Abdulla Suvar, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) bütün bələdiyyələrə öz namizədlərini irəli sürüb. Bütövlükdə ölkədə irəli sürülən namizədlərdən 40 faizdən çoxu YAP-ın payına düşür. Məhz bunun nəticəsidir ki, bugünkü bələdiyyə seçkilərində səsvermədə partiyamızın təmsilçiləri yaxından iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 23-də Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP-ın qərargahında bələdiyyə seçkiləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycanda artıq sayca dördüncü bələdiyyə seçkiləri başa çatıb. Bu dəfə də YAP seçki kompaniyasında yaxından iştirak edib. Seçkilərdə YAP-ın 16 min 760 namizədinin olduğunu deyən Əli Əhmədov qeyd edib ki, bunlardan 13 min 404-ü partiya tərəfindən, 3356-sı isə fərdi qaydada namizədliyini irəli sürüb. Bu, YAP resursunun ölkədə nə qədər çox olmasından xəbər verir.

Diqqətə çatdırılıb ki, seçkilərdə 8 partiyanın təmsilçiləri iştirak edib. YAP-dan başqa yerdə qalan 7 partiyanın bütövlükdə irəli sürdüyü namizədlərin sayı 503 nəfərdir. Bu da YAP-ın ölkəmizin siyasi həyatında böyük nüfuza sahib olmasının göstəricisidir.

Seçkilərin baş tutduğunu bildirən Əli Əhmədov deyib ki, partiya nəticələrə böyük ümid bəsləyir.

YAP sədrinin müavini partiya tərəfindən uğurlu seçki kompaniyası aparılması üçün vahid proqramın hazırlandığını, bütün bələdiyyələrdə partiya üzvlərinin təşviqat işinin aparıldığını söyləyib. Bu dəfə də gənclərin və qadınların bələdiyyə üzvlüyünə seçilməsinin başlıca məqsəd kimi qarşıya qoyulduğunu vurğulayıb.

Əli Əhmədov deyib: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və bu siyasətin Azərbaycana bəxş etdiyi uğurlu inkişaf bizim istinad etdiyimiz başlıca seçki resursu olub. YAP seçki təşviqatını vahid bir sxem əsasında həyata keçirib. Bizim seçki ilə əlaqədar hazırladığımız platforma “Rifah və quruculuq naminə” adlanır. Yəni beş il ərzində bizim seçiləcək üzvlərimiz əsas fəaliyyətlərini ölkənin və xalqın rifahına həsr edəcək, quruculuq işləri ilə məşğul olacaqlar”.

Əli Əhmədov bildirib ki, seçkilər uğurla keçirilib, qanun pozuntularına yol verilməyib. “Məntəqələrin hər birində müşahidəçilərimiz geniş şəkildə iştirak ediblər və onlar tərəfindən heç bir qanun pozuntusu barədə məlumat almamışıq”, - deyə YAP sədrinin müavini əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.