REGİONLAR
Bələdiyyələrdə avtomatlaşdırılmış məlumat sisteminin tətbiqinə dair zona seminarı keçirilib
Gəncə, 4 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Oktyabrın 4-də Gəncədə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının təşkilatçılığı ilə “Yerli (Bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi”nin təqdimatı ilə bağlı zona seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə Gəncə, Mingəçevir, Şəmkir, Daşkəsən, Göygöl, Ağstafa, Gədəbəy, Qazax, Tovuz, Samux şəhərlərində fəaliyyət göstərən bələdiyyələrin sədrləri və aidiyyəti mütəxəssislər qatılıblar.
Seminarın keçirilməsində məqsəd bələdiyyələrdə yerli vergi və ödənişlərin yığımının artırılmasını təmin etmək və bələdiyyə sədrlərinin III ümumrespublika toplantısının qərarlarına əsasən qarşıya qoyulan vəzifələri icra etməkdir.
Seminarda çıxış edən Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icra katibinin müavini Əli Əkbərli qeyd edib ki, bələdiyyələrdə uçot sisteminin olmaması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulmaması və tam mənada şəffaflığın təmin edilməməsi əsas çətinliklərdəndir. Ona görə də bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən internet üzərindən onlayn qaydada bir serverden idarə olunan yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi hazırlanıb.
Çıxış edənlər bildiriblər ki, hazırkı sistemi bələdiyyələrdə tətbiq etməklə bələdiyyələr vergi və ödəniş ödəyicilərinin uçota alınmasını, tədiyyəçilərlə normal münasibətlərin qurulmasını, yaşayış və qeyri-yaşayış sahələri, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanmasını, ödənişlərin operativ onlayn qaydada ödənilməsinin təmin edilməsini, gəlir və xərclər üzrə dəqiq statistik məlumatların hazırlanmasını, eyni zamanda, bələdiyyələrdə şəffaflığın təmin olunmasını və digər sahələr üzrə təhlilin aparılmasını təmin edəcəklər.
Sonra çıxış edən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndəsi Füzuli Gülməmmədli seminar iştirakçılarına Bələdiyyə Avtomat Məlumat Sistemi haqqında və yerləşdiyi xüsusi şəbəkəyə qoşulma proseduru barədə məlumat verib.
Bələdiyyə sədrləri təqdim olunan sistemin tətbiqinin yerli özünüidarəetmənin maliyyə, iqtisadi potensialının güclənməsinə, o cümlədən yerli vergi və ödənişlərin yığım səviyyəsinin artırılmasına əhəmiyyətli təsir edəcəyini bildiriblər.
Sonda seminar iştirakçıları üçün Yerli (Bələdiyyə) Vergi və Ödənişlərin Avtomatlaşdırılmış Məlumat Sisteminin İstifadə Təlimatı adlı kitabça paylanılıb.