CƏMİYYƏT
Belkıs Yakıcı: Azərbaycan tam sabit və təhlükəsiz ölkədir
Bakı, 29 oktyabr, Vüqar Qurbanoğlu, AZƏRTAC
Azərbaycan tam sabit və təhlükəsiz ölkədir. Burada dövlət tərəfindən xarici iş adamlarının investisiya yatırması üçün bütün imkanlar yaradılıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan İş və Məslək Sahibi Qadınlar Dərnəyinin sədri Belkıs Yakıcı bildirib.
Rəhbərlik etdiyi qurumun Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası tərkibində fəaliyyət göstərdiyini deyən B.Yakıcı qeyd edib ki, federasiya ilə dərnəyin ortaq layihəsi çərçivəsində Türkiyədən Azərbaycana 25 sahibkar qadın gəlib. Dərnək sədri vurğulayıb ki, nümayəndə heyətinin tərkibində sənaye, tikinti, aqrar sektorda çalışan sahibkar qadınlar var. Səfərin məqsədi sahibkar qadınların Azərbaycan ilə bağlı geniş məlumat almalarıdır. “Bu qadınların böyük əksəriyyətinin Avropanın bir sıra ölkələri ilə ticarət əlaqələri var. Biz çalışırıq ki, bu xanımlar Azərbaycana böyük investisiya yatırsınlar”,- deyə B.Yakıcı. vurğulayıb.
Türkiyəli qonaq səfərləri çərçivəsində bir sıra rəsmi qurumlarda səmərəli görüşlər keçirdiklərini bildirib. Sahibkar qadınlar Azərbaycandakı investisiya mühiti ilə tanış olurlar. Bu qadınların əksəriyyəti Azərbaycanda ilk dəfə olurlar.
Dərnəyin sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar Azərbaycanın dünyadakı nüfuzunu daha da möhkəmləndirir, ölkənin iqtisadi imkanlarını daha da genişləndirir.