SİYASƏT


Belqradda Azərbaycan diplomatiyasının 100 illik yubileyi ilə bağlı xatirə ağacları əkilib

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə bağlı aprelin 12-də ölkəmizin Serbiyadakı səfirliyinin təşkilatçılığı, Belqrad şəhər meriyasının və “Zelenilo” yaşıllaşdırma idarəsinin dəstəyi ilə “Taşmaydan” parkı və səfirliyin həyətyanı ərazisində rəmzi olaraq 100 ədəd xatirə ağacı əkilib.

Tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, Serbiyanın Xarici İşlər Nazirliyinin nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, eləcə də Serbiyada çalışan, təhsil alan azərbaycanlılar, yerli KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə səfirliyin müşaviri Mahir Cəfərov bu il iyulun 9-da Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunacağını bildirib, Azərbaycan Xalq Cümhuriyyəti, o cümlədən diplomatiyamızın tarixi haqqında məlumat verib. O, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında müstəqil dövlət kimi tanınan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, fəal xarici siyasət həyata keçirdiyini söyləyib.

Müşavir ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olan müasir Azərbaycan dövlətçiliyinin əsaslarının Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqəli olduğunu vurğulayıb.

Daha sonra Taşmaydan parkının tarixi haqda məlumat verən müşavir bildirib ki, iki min il əvvəl romalılar Belqrad hakimi üçün saray tikmək məqsədi ilə bu ərazidə yerləşən karxanadan daş çıxarıblar. Karxananın osmanlılar dövründə də mövcudluğu onun adının yaranmasına səbəb olub. Osmanlılar dövründə Belqradda inşa olunmuş qala və divarlar bu karxanadan çıxarılan daşlardan tikilib. Taşmaydanda XIX əsrdə yaşamış bir çox görkəmli serb xadimləri dəfn olunublar. Həmin əsrin sonundan başlayaraq qəbiristanlıq başqa əraziyə köçürülüb və burada yaşıllıqlar salınıb. Hazırda 8 hektar ərazini əhatə edən bu park Belqrad sakinlərinin istirahəti üçün ən çox üz tutduqları məkanlardan biridir.

Tədbir iştirakçıları belə tədbirin keçirilməsindən məmnunluqlarını ifadə edib və iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrindən bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.