ELM VƏ TƏHSİL
Belqradda “Şərq və Qərb problematikası kontekstində romantik poeziya” kitabının serb dilinə tərcüməsinin təqdimatı keçirilib
Belqrad, 7 dekabr, AZƏRTAC
Belqrad Universitetinin filologiya fakültəsi şərqşünaslıq kafedrasının kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovun görkəmli şərqşünas alim Aida İmanquliyevanın yaradıcılığı haqqında qələmə aldığı “Şərq və Qərb problematikası kontekstində romantik poeziya” kitabının serb dilinə tərcüməsinin təqdimatı keçirilib.
Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad İncəsənət Akademiyasının professoru Zərifə Əlizadənin serb dilinə tərcümə etdiyi kitabın təqdimat mərasimində Belqrad Universitetinin müəllim və tələbələri, Serbiyadakı diplomatik korpusun, Serbiya Xarici İşlər Nazirliyinin, ictimaiyyətin və ziyalıların təmsilçiləri iştirak ediblər.
Tədbirdə professor Z.Əlizadə təqdimatın keçirilməsinə verdiyi dəstəyə görə Belqrad Universitetinin filologiya fakültəsinə təşəkkürünü çatdırıb, bu cür tədbirlərin xalqlarımızın bir-birini daha yaxşı tanımasına xidmət etdiyini vurğulayıb. O, ərəb ədəbiyyatının Azərbaycanda ilk araşdırmaçılarından olan professor A.İmanquliyevanın yaradıcılığından bəhs edən kitabın Serbiyanın şərqşünas alim və tədqiqatçıları üçün də maraq doğuracağına əminliyini bildirib.
Kitabın müəllifi, professor S.Xəlilov həm Qərbin, həm də Şərqin vətəndaşı sayıla biləcək professor A.İmanquliyeva haqqında kitabın Qərb və Şərqin qovuşduğu Belqrad şəhərində təqdim edilməsinin təsadüfi olmadığını söyləyib, Avropada və Amerikada yaşayan, lakin ruhən şərqli olan və Şərqi gözəl bilən ərəb mühacirlərinin yaradıcılığını tədqiq edən A.İmanquliyevanın araşdırmalarının yeni bir elmi istiqamətin – Şərq və Qərbin inteqrasiyası prosesinin öyrənilməsinə yönləndirildiyini qeyd edib.
Belqrad Universitetinin filologiya fakültəsi şərqşünaslıq kafedrasının professorları Anjelka Mitroviç, Ema Milkoviç və Miryana Marinkoviç çıxış edərək təqdim olunan kitabın Azərbaycan və Serbiya arasında elmi əməkdaşlığa yeni bir töhfə olduğunu, eyni zamanda, sivilizasiyalar arasında dialoqun vacib olduğu müasir dünyada professor A.İmanquliyevanın yaradıcılığının aktuallığını qoruyub saxladığını vurğulayıblar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad