SİYASƏT
Benilüks Azərbaycanlıları Konqresi Ermənistanın təcavüzkar siyasətini pisləyir
Bakı, 4 aprel, AZƏRTAC
Benilüks Azərbaycanlıları Konqresi (BAK) Ermənistan silahlı bölmələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. Bu barədə AZƏRTAC-a Diasporlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bəyanatda bildirilir ki, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini iriçapli silahlardan, artilleriya və tanklardan atəşə tutması faktı dünyada yaşayan bütün azərbaycanlıları hiddətləndirib. Benilüks Azərbaycanlıları Konqresi kənd və yaşayış obyektlərinin Ermənistan ordusu tərəfindən intensiv atəşə tutulması, məktəb binalarının mərmilərlə dağıdılması, dinc əhalinin həyatlarını itirməsi faktından narahatdır. Son hadisələrlə əlaqədar dünya ictimaiyyəti Ermənistan dövlətinin həyata keçirdiyi siyasəti qəti şəkildə pisləməlidir. BAK Avropa təşkilatlarını və beynəlxalq qurumları ölkəmizə qarşı ikili standartlar tətbiq etməməyə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktına göz yummamağa çağırıb.
Həmçinin bəyanatda BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyi, işğalçı dövlətin beynəlxalq ictimaiyyət tərəfindən qınağa çəkilmədiyi vurğulanır. “Regionda sülhün, sabitliyin tərəfdarı olanlar bilməlidirlər ki, bölgədə sülh yalnız ermənilərin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk edəcəkləri təqdirdə mümkündür. Azərbaycan xalqı Ermənistanın işğalçı siyasəti ilə heç bir zaman barışmayacaq”, - deyə bəyanatda bildirilir.
BAK beynəlxalq qurumları Azərbaycanın haqq işini dəstəkləməyə, ikili standartlara yol verməməyə, BMT qətnamələrinin icrasının həyata keçirilməsinə kömək etməyə çağırıb.