SİYASƏT
Benilüks Azərbaycanlıları Konqresi “Metro” qəzetində Dağlıq Qarabağa turizm səfəri ilə bağlı reklamın dərc olunmasına etirazını bildirmişdir
Paris, 8 mart (AZƏRTAC). Əsas ofisi Niderland Krallığının Amsterdam şəhərində yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ictimai nəqliyyatda-metro stansiyaları, tramvaylar, qatarlar və digər yerlərdə əhali arasında pulsuz paylanan “Metro” qəzetinin 2 mart tarixli nömrəsində heç bir ölkə və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nın turizm imkanları və bu bölgəyə turist səfərləri ilə bağlı reklam materialı dərc edilmişdir.
BAK-ın sədri Sahil Qasımovun imzası ilə qəzetin redaksiyasına etiraz məktubu göndərilmişdir. Məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazisinin əzəli bir parçası olan Dağlıq Qarabağın və əhalisi yalnız azərbaycanlılardan ibarət olan 7 rayonumuzun ermənilər tərəfindən işğal olunduğu, bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından silah gücünə zorla çıxarılaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edildiyi, işğal olunan ərazilərin dərhal və heç bir şərt qoyulmadan azad edilməsi barədə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dörd qətnamə qəbul edildiyi, Avropa Şurası və digər beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pislədiyi və zəbt olunan Azərbaycan ərazilərindən işğalçı qoşunların çıxarılmasını tələb etmələri diqqətə çatdırılmışdır.
Daha sonra məktubda qeyd olunur ki, əhali arasında geniş yayılan qəzetin işğalçı bir ölkənin işğal etdiyi torpaqlarda turizm səfərlərinin təşkili ilə bağlı reklamını öz səhifəsində dərc etməsi, bizi ən azı, Niderlandın Ermənistanın apardığı işğalçılıq siyasətini dəstəkləməsi kimi başa düşməyə vadar edir. Reklamın sonunda turizm infrastrukturunu deyil, qondarma “ Dağlıq Qarabağ Respublikası” bayrağının əks olunması reklamın çapında maraqlı olan qüvvələrin Azərbaycana qarşı çirkin əməllərindən xəbər verdiyi redaksiyanın nəzərinə çarpdırılmışdır.
Məktubun sonunda redaksiyanın məsələyə birtərəfli yanaşması qətiyyətlə pislənmiş və reklamla bağlı xəbərə dair dərhal təkzib verməsi tələb olunmuş, əks təqdirdə BAK–ın hüquqi tədbirlərə əl atacağı və qəzetin redaksiyası qarşısında etiraz aksiyası keçirəcəyi bildirilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris