SİYASƏT
Benilüks Azərbaycanlıları Konqresinin Rotterdamdakı ofisi naməlum şəxslər tərəfindən dağıdılmışdır
Paris, 21 fevral (AZƏRTAC). Mərkəzi mənzil qərargahı Amsterdam səhərində yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 18-də gecə saatlarında qurumun ölkənin ən böyük liman şəhəri Rotterdamdakı ofisi naməlum şəxslərin hücumuna məruz qalmışdır. Ofisin qapıları sındırılmış, Azərbaycan bayrağı və gerbi yerə atılmış, üzərində Benilüks Azərbaycanlıları Konqresinin logosu təsvir edilən plastik reklam tablosu sıradan çıxarılmış, üzərində "Armenian Agression" sözləri yazılmış və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən BAK təşkilatlarına göndərilmiş papaqlar, maykalar və digər geyimlər götürülmüşdür.
Rotterdamdakı ofisə hücum oğurluq hadisəsi deyil, siyasi xarakter daşıyır. Ofisdəki digər qiymətli əşyalara toxunulmaması bunu sübut edir.
Bu basqının Xocalı soyqırımı faciəsinin 20 illiyinin bütün dünya ölkələrində, o cümlədən Niderland Krallığında qeyd edilməsi ərəfəsində törədilməsi Benilüks Azərbaycanlıları Konqresinin xalqımızın tarixinin qaranlıq səhifələrindən birini təşkil edən və qan yaddaşımızda əbədiləşən bir faciəyə ciddi hazırlıq gördüyü bir vaxtda baş verməsi ölkəmizin hüdudlarından uzaqlarda yaşayan hər bir azərbaycanlını narahat etmişdir. Amma bu cür təxribat xarakterli hadisələr Vətənini sevən, onunla bağlı həqiqəti yaşadıqları ölkənin əhalisinə çatdırmağa səy göstərən soydaşlarımızı heç də ruhdan salmır, əksinə ümumi düşmənə qarşı birgə fəaliyyətə səfərbər edir.
Xatırladaq ki, bununla üçüncü dəfədir ki, BAK-ın Rotterdamdakı ofisi hücuma məruz qalır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris