MƏDƏNİYYƏT
Bənzərəm bir qocaman dağa ki, dəryada durar...
Bakı, 3 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı filialı ilə birgə M.Ə.Sabirin 157 illiyinə həsr olunmuş “Bənzərəm bir qocaman dağa ki, dəryada durar” adlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə qəsəbə icra nümayəndəliyi, qəsəbə sakinləri, müəllimlər, tibb işçiləri, şagirdlər iştirak ediblər.
Tədbiri qəsəbə ağsaqqallar şurasının sədri Həsən Vəliyev açaraq şairin həyat və yaradıcılığından, onun illər əvvəl Balaxanı qəsəbəsində yaşadığı dövrdən söhbət açıb.
Şairin nəvəsi Sevda Tahirli qəsəbənin onun üçün doğma olduğunu söyləyib və hər il burada M.Ə.Sabirin doğum gününün təntənəli şəkildə qeyd olunmasından qürur hissi duyduğunu vurğulayıb.
Daha sonra tədbirin bədii hissəsində Mədəniyyət evinin özfəaliyyət qrupları və məktəblilərin çıxışları dinlənilib.
Tədbir şairin “Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm, əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım" sözləri ilə yekunlaşıb.