İQTİSADİYYAT


Bərbərlik fəaliyyəti ilə məşğul olanlar bu ildən sadələşdirilmiş vergi ödəyirlər

Bakı, 16 fevral, AZƏRTAC

Vergi Məcəlləsinin cari il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat, Bakı üzrə isə 2 əmsalı tətbiq edilməklə 30 manat sadələşdirilmiş vergi ödəyirlər.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu əmsal Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 0,5-dir. Məsələn, Astara şəhərində bərbər fəaliyyəti ilə məşğul olanlar “Sabit verginin ödənilməsi haqqında qəbz” alaraq, ayda 7,5 manat (15 manat x 0.5 ) məbləğində sadələşdirilmiş vergi ödəməlidirlər. Sadələşdirilmiş verginin ödənilməsi barədə sabit qəbz əldə edən şəxslərin vergi öhdəliyi yerinə yetirilmiş hesab olunur. Bərbər fəaliyyəti ilə məşğul olanların vergi orqanına bəyannamə təqdim etmək öhdəlikləri yaranmır.

Vergiödəyicisi “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiqləyən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət olunduqda isə ödəniş müraciət zamanı elektron qaydada həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.