REGİONLAR


Bərdə-Ağdam dəmir yolu xəttində görülən işlər açıqlanıb VİDEO

Bərdə, 6 may, AZƏRTAC

Bərdə-Ağdam dəmir yolu xəttində görülən işlər açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrdir.

Layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 kilometr rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Süni mühəndis qurğusuna 3 ədəd körpü, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 88 ədəd suötürücü boru və 33 ədəd ehtiyat keçidi daxildir.

Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 kilometr ərazi minalardan təmizlənib, 5 kilometr ərazi üçün ANAMA tərəfindən sertifikat təqdim edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova bildirib ki, tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyaları daxil olmaqla, 20,78 kilometrlik ərazini əhatə edir. Burada torpaq işləri, süni qurğular və dəmir yolunun üst quruluşu elementləri 100 faiz həcmində tamamlanıb. Bu mərhələdə işlərin ümumi icra vəziyyəti 79 faiz təşkil edir.

N.Bayramova qeyd edib ki, ikinci mərhələdə işlər Təzəkənd və Ağdam stansiyalarını əhatə edən 26,32 kilometrlik ərazidə həyata keçirilir. Burada torpaq işləri 18 faiz, süni qurğular 12 faiz, dəmir yolunun üst quruluşu elementləri isə 9 faiz həcmində yerinə yetirilib. Bu mərhələnin ümumi icra vəziyyəti 8 faizdir.

Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma işlərinə başlanılıb.

Qeyd edək ki, Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən start verilib.

Dəmir yolu xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.