CƏMİYYƏT
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində rayon gənclər və idman idarəsinin, Dövlət İdarəetmə və Texnologiya Kollecinin və şəhər 4 nömrəli mədəniyyət klubunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Bərdə regional mədəniyyət idarəsinin nümayəndələri, Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri, Gənclərin Karyera və İnkişaf Mərkəzinin əməkdaşları, kollecin tələbələri, orta məktəb şagirdləri və Xocalı sakinləri iştirak ediblər.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, Xocalıdan olan məcburi köçkün, Azərbaycanın Milli Qəhrəmanı Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənova, Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov və digərləri çıxışlarında Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə ən qanlı cinayətlərdən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, məhz 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü elan edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, bu soyqırımı barədə həqiqətlər müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində artıq bir neçə ölkə və beynəlxalq qurum Xocalı qətliamını soyqırımı kimi tanıyan qətnamələr qəbul edib.