REGİONLAR


Bərdə Peşə Liseyində “Açıq qapı” günü keçirilib VİDEO

Bərdə, 13 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdə Peşə Liseyində “Açıq qapı” günü təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrinin, orta məktəb şagirdlərinin, valideynlərin, həmçinin işəgötürənlərin iştirak etdiyi tədbirdə qonaqlara peşə təhsil müəssisəsinin tarixi, təmirdən öncəki vəziyyəti, mühəndis pedaqoji heyət, həmçinin liseyin yeni infrastrukturu haqqında geniş məlumat verilib. Qeyd edilib ki, peşə liseyində aparılan yenidənqurma işləri nəticəsində beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təchiz olunmuş 4 mərtəbəli tədris binasının, 2 ədəd hər biri 192 yerlik yataqxananın, 3 mərtəbəli emalatxana və laboratoriya korpusunun, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikintisi həyata keçirilib. Diqqətə çatdırılıb ki, sözügedən lisey Bərdə və ətraf regionlardan olan 1200 tələbəyə 7 peşə sahəsi üzrə 30-a qədər ixtisas üzrə təhsil imkanı yaradır.

Tədbir zamanı iştirakçılar peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar. Elektrik qaz qaynaqçısı, geyim üzrə dizayner istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Müxtəlif istiqamətlər üzrə təşkil edilən ustad dərsləri maraqla izlənilib. Qonaqların diqqətinə çatdırılıb ki, mərkəzdə əsasən kənd təsərrüfatı, heyvandarlıq və sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi aparılır. Tədbir zamanı işəgötürən təşkilatların rəhbərləri Bərdə Peşə Liseyi ilə əməkdaşlıq istiqamətləri haqqında məlumat verib, bu əməkdaşlığın tələbələr və işəgötürənlər üçün müsbət nəticə verəcəyini vurğulayıblar.

Xatırladaq ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli jurnalistlərə müsahibəsində deyib: “Bugünkü tədbir respublikanın müxtəlif yerlərində silsilə şəklində keçirilən “Açıq qapı” günlərindən biridir. Məqsəd orta məktəb şagirdlərini, rayon ictimaiyyətini, işəgötürənləri Mərkəzlə, eləcə də peşə hazırlığı ilə bağlı məlumatlandırmaq və gənclərə peşə seçimində kömək olmaqdır. Tədbirin Bərdədə keçirilməsi xüsusilə əhəmiyyətlidir. Bərdədə belə bir Mərkəzin istifadəyə verilməsi Qarabağda quruculuğun, bərpa işlərinin getdiyi, ixtisaslı kadrlara ehtiyacın artdığı bir dövrdə region üçün böyük hadisədir. Tədbirdə də əsas məqsəd yalnız Bərdə deyil, ətraf rayonlardan gələn şagirdləri, valideynləri, təhsil ictimaiyyətini peşə liseyi haqqında məlumatlandırmaqdır. Gəncləri peşə liseyində təhsil almağa, peşələrə yiyələnərək, ölkənin inkişafına, yenidənqurma və quruculuğa dəstək verməyə dəvət edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.