REGİONLAR
Bərdə “Yağ-Pendir AzQida” MMC: Məhsullarımızın qiymətində artım yoxdur VİDEO
Bərdə, 19 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda, eləcə də respublikanın digər bölgələrində əhalinin süd məhsulları ilə təmin edilməsində mühüm rol oynayan “Yağ-Pendir AzQida” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) məhsullarının qiymətlərində artım olmayıb.
MMC-nin direktoru Sücaət Əliyev AZƏRTAC-a müsahibəsində dövlətimizin başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırığına əməl etdiklərini, müəssisədə istehsal olunan məhsulların qiymətlərinin manatın devalvasiyasından əvvəl olduğu kimi saxlanıldığını diqqətə çatdırıb: “Müəssisənin südə olan tələbatı əsasən “Bərdə Yağ-Pendir AzQida“ MMC-yə məxsus heyvandarlıq ferması vasitəsilə ödənilir. 600 baş iribuynuzlu heyvanın saxlanıldığı fermada gün ərzində 6 tonadək süd sağılır. Odur ki, istehsalda istifadə edilən bəzi vasitələrin baha alınmasına baxmayaraq, məhsullarımızın satış qiymətini artırmamışıq: 9 kiloqramlıq qutuda pendir 33,5 manat, 4 kiloqramlıq 15,2 manat, 1 kiloqramlıq 5 manat, tulum pendirinin 1 kiloqramı 6,8 manat, 7 kiloqramlıq qaymaqlı qatıq 7 manat, 1,5 kiloqramlıq qatıq 1,85 manat, şor və süzmənin 1 kiloqramı 1,75 manat, kərə yağının 1 kiloqramı 4,5 manatdır”.
S.Əliyev bildirib ki, istehsal gücü sutkada 50 ton olan müəssisə 1969-cu ildə yaradılıb, 2003-cü ildən başlayaraq isə bütün avadanlıqlar Türkiyə istehsalı olan müasir texnikalarla əvəz edilib. Burada südün emalı qabaqcıl texnologiyalar əsasında aparılır. Müxtəlif çeşiddə süd məhsulları istehsal edən müəssisənin fəaliyyəti bütün sanitar və gigiyenik normalara cavab verir. Müəssisədə istehsal olunan məhsullar ölkənin regionlarına göndərilir.