REGİONLAR
Bərdə: arpa sahələrində məhsuldarlıq 39,8, buğda zəmilərində isə 44,9 sentnerdir
Bərdə, 15 iyun, AZƏRTAC
Bərdə rayonunda taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Biçin prosesində 38 kombayn iştirak edir. Bunlardan 19-u “Aqrolizinq” ASC-nin sosial biçin aparan kombaynlarıdır. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 19 kombayn da taxıl biçininə cəlb edilib.
AZƏRTAC xəbər verir ki, bu il Bərdədə 11 min 38 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 8 min 511 hektarı buğda, 2 min 527 hektarı arpa əkinləridir. Artıq rayonda arpa biçini demək olar ki, yekunlaşıb. İyun ayının 14-nə olan məlumata görə, fermerlər 2 min 502 hektar arpa sahəsindən 9 min 958 ton məhsul yığıblar. Arpa üzrə orta məhsuldarlıq 39,8 sentner təşkil edir.
Qeyd edək ki, ötən il Bərdədə 2 min 601 hektar sahədən ilkin çəkidə 10 min 118 ton məhsul yığılıb, ilkin çəkidə orta məhsuldarlıq 38,9 sentner təşkil edib.
Hazırda rayonda buğda sahələrində biçin aparılır. İlk gündə 124 hektar sahədən 557 ton məhsul yığılıb və orta məhsuldarlıq 44,9 sentner olub.