REGİONLAR
Bərdə məktəblisi: Tur-aksiyada iştirak etməklə rayonlarımızla, tarixi yerlərlə tanış olmaq imkanı qazandıq
Quba, 14 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba-Qusar–Xaçmaz marşrutu üzrə təşkil olunan ekskursiyada iştirak etdiyimə görə özümü xoşbəxt hiss edirəm. Biz bu tur-aksiyada iştirak etməklə rayonlarımızla, tarixi yerlərlə tanış olmaq imkanı qazandıq. Bununla yanaşı, başqa rayonların məktəbliləri ilə də dostlaşdıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bərdə rayonu Qazaxlar kənd tam orta məktəbinin IX sinif şagirdi Zəhra Kərimova deyib.
Məktəbli Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarəti zamanı ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərin şahidi olduğunu bildirib: “Fikrimcə, hər bir məktəbli soyqırımının bariz nümunəsi ilə yaxından tanış olmalıdır. Tariximizi dərindən öyrənmək üçün kitablardan oxuduqlarımızla yanaşı, qədim yerlərlə əyani tanış olmağımız da vacibdir”.
Tarix fənnini çox sevdiyini deyən Zəhra Kərimova Qubada Cümə Məscidi, Qırmızı qəsəbə, Qusarda isə Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi və başqa tarixi məkanlarla tanışlıqdan məmnun qaldığını vurğulayıb.