CƏMİYYƏT
Bərdə rayon sakininin qəsdən öldürülməsi faktına dair cinayət işi məhkəməyə göndərilib
Bakı, 14 avqust, AZƏRTAC
Bərdə rayon sakini, 1936-cı il təvəllüdlü Əkbər Mustafayevin martın 19-da köməksiz vəziyyətdə olarkən bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin oğlu xroniki psixi xəstəlikdən əziyyət çəkən 1969-cu il təvəllüdlü Namiq Mustafayevin aralarında ailə-məişət zəminində yaranmış mübahisə nəticəsində yaşadıqları evdə aşkar surətdə köməksiz vəziyyətdə olmaqla yatmış atası Əkbər Mustafayevə bıçaq xəsarəti yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Namiq Mustafayev Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, Namiq Mustafayev cinayət əməlini törədən zaman düçar olduğu xroniki psixi xəstəlikdən əziyyət çəkərək hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayıb.
Cinayət işi üzrə istintaq avqustun 11-də yekunlaşdırılıb və anlaqsız vəziyyətdə cinayət törətmiş Namiq Mustafayevin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.