REGİONLAR
Bərdə rayonu pambığın orta məhsuldarlığına görə öndədir
Bərdə, 11 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ötən əsrin 70-80-ci illərində ölkədə pambıq istehsalında öndə gedən Bərdə əməkçiləri bu ənənəni qoruyub saxlayırlar. Bu il 9630 hektarda pambıq becərən bərdəli “ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını da nümunəvi təşkil edirlər.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək tarlalardan 24 min 311 ton pambıq tədarük edilib. Hər hektardan orta hesabla 25 sentner məhsul götürülüb ki, bu da respublikanın pambıqçılıq rayonları arasında ən yüksək göstəricidir. Bərdəli fermerlər yetişdirdikləri məhsulu son qozasına qədər toplamaq üçün səylə çalışırlar. Yığılan pambıq əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialına, “Azərpambıq” MMC-nin Bərdə pambıq istehsalı və emalı zavoduna və “P-Aqro” MMC-nin Yevlaxdakı qəbul məntəqəsinə təhvil verilir.
Qeyd edək ki, sovet dövründə Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlarından idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində artıq rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır.