CƏMİYYƏT
Bərdə rayonunda karantin rejimini pozan koronavirus xəstəsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 4 dekabr, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, rayon sakini 1955-ci il təvəllüdlü Məmmədov Çingiz Rəhim oğlu COVID-19 virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğunu bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, dekabrın 2-də sakinlərlə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə Rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.