REGİONLAR


Bərdə rayonunun Otuzikilər və Bayramlı kəndlərinə təbii qaz verilib

Bərdə, 25 iyul, AZƏRTAC 

Bərdə rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin siyahısına Otuzikilər və Bayramlı kəndləri də əlavə edilib. Ümumilikdə 554 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 86,2 kilometr müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, kəndə qazın verilməsi münasibətilə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər sakinləri kəndlərin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Bərdə rayonunda həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, respublikamızın hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.

Diqqətə çatdırılıb ki, Bərdə rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. Artıq rayonun 104 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Mollalı kəndinin qazlaşdırılması yekunlaşıb. Lənbəran kəndində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Daha 4 kəndin qazlaşdırılması üçün layihə işləri görülməkdədir.

Çıxış edənlər əhalinin maddi-rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılmasına, o cümlədən kəndlərin “mavi yanacaq”la təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.