REGİONLAR
Bərdə rayonunun kəndlərində abadlıq-quruculuq işləri davam etdirilir
Bərdə, 13 fevral, AZƏRTAC
Bərdə rayonunun kəndlərində abadlıq-quruculuq işləri aparılır, infrastruktur yaxşılaşdırılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2017-ci ildə 15 min nəfərdən çox əhalinin yaşadığı 17 kəndi birləşdirən 25 kilometr uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolu yenidən qurulub. 480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir edilib və 400 şagird yerlik əlavə korpus tikilib istifadəyə verilib. Qaratəpə kəndində 80 şagird yerlik modul tipli məktəb, Hacılar kəndində süd toplama məntəqəsi inşa edilib.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Kərimbəyli, Mollaəhmədli və Qasımbəyli kəndlərində 12,8 kilometr uzunluqda su xətləri çəkilib. 9 ədəd su qülləsi quraşdırılıb. 51 ədəd bulaq və 6 krant tikilərək 1750 nəfər əhalinin içməli su təchizatı yaxşılaşdırılıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Dəymədağıldı kəndində 9,4 kilometr, Bəcirəvan kəndində 10,13 kilometr uzunluqda kanallar, Qaratəpə və Mustafaağalı kəndlərində 24 kilometr açıq dren kanallar lildən təmizlənib, Mollagüllər və Şərəfli kəndlərində abadlıq işləri aparılıb.
Bərdədə istehlakçıların dayanıqlı elektrik enerjisi və təbii qazla təmin olunması istiqamətində də tədbirlər davam etdirilir. Ötən il 32 kəndin elektrik şəbəkəsində yenidənqurma işləri aparılıb. 35/10 kv-luq Bəcirəvan yarımstansiyasında 4 MVA transformator 7,5 MVA transformatorla əvəz edilib. Şəbəkədə 338 ədəd beton və metal dirəklər basdırılıb, 649 ədəd yeni sayğac quraşdırılıb, 121,7 kilometr SİP kabel çəkilib. 172,3 kilometrdən çox qaz xətləri çəkilərək Otuzikilər, Bayramlı və Mollalı kəndləri qazlaşdırılıb, il ərzində 1315 ailəyə təbii qaz verilib.
Hazırda Hacılı kəndində 80 şagird yerlik modul tipli məktəbin və Güloğlular kənd tam orta məktəbinin tikintisi davam etdirilir. Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin 1500 nəfər əhalisinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün su təmizləyici qurğular quraşdırılır.