CƏMİYYƏT
Bərdə sakini: biz hər zaman Müzəffər Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq
Bakı, 30 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Günorta saatlarında güclü səs eşitdim. Hətta yer ayağımın altında silkələndi. Həyatında belə dəhşətli mənzərə ilə qarşılaşmamışdım. Bu vəhşiliyi ancaq və ancaq Ermənistan ordusu edə bilərdi.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri oktyabrın 28-də Ermənistan silahlı birləşmələri tərəfindən
Bərdədə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə atılan kaset bombalarından zərər çəkən Elçin Novruzov bildirib.
O deyib: “Ermənistan öz rəzil, iyrənc, insanlığa, heç bir hüquqa sığmayan siyasətini davam edir. Ölən insanların, uşaqların qocaların nə günahı var. Artıq bunun qisası rəşadətli Ordumuz tərəfindən alınır. Biz Bərdə camaatı hər zaman döyüşə hazırıq və bunun intiqamını almağa həm gücümüz, həm də iradəmiz var. Bizi bunlarla qorxuzmaq mümkün deyil. Azərbaycan Ordusu tezliklə işğal altındakı torpaqlarımızı mənfur ermənilərdən təmizləyəcək. Biz hər zaman Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq".
Qeyd edək ki, Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş (siyahı əlavə olunur), 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.