REGİONLAR
Bərdə şəhər seçki dairəsi üzrə aşağı seçki komissiyalarının 300 üzvü treninqlərə cəlb olunub VİDEO
Bərdə, 12 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasında aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində treninqlərə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, treninqlər 93 saylı seçki dairəsinin 50 məntəqəsi üzrə ümumilikdə 300 aşağı seçki komissiyası üzvünü əhatə edir. Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır. Dörd gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir.
Treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri seçki günü prosedurları və müstəsna hallar, səslərin sayılması, yekun protokolun doldurulması və sair barədə ətraflı məlumatlandırılırlar. Məşğələ zamanı səsvermə prosedurlarına dair praktiki tapşırıqlar icra olunur, müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.
Aşağı seçki komissiyası üzvlərinə MSK tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur.
Qeyd edək ki, treninqlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunur. Martın 12-də 48 saylı Yevlax, 49 saylı Yevlax-Mingəçevir, 81 saylı Beyləqan, 82 saylı Ağcabədi, 83 saylı Ağcabədi-Füzuli, 84 saylı Füzuli, 94 saylı Bərdə kənd, 95 saylı Tərtər, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyalarında da aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər başlayıb.