REGİONLAR
Bərdə və Ağcabədinin kəndlərində su sistemlərinin təkmilləşdirilməsi üzrə layihə reallaşdırılacaq VİDEO
Bərdə, 5 noyabr, AZƏRTAC
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta noyabrın 5-də Bərdə rayonuna səfər edib. Səfərdən məqsəd Bərdə və Ağcabədi rayonlarında ABŞ-ın maliyyələşdirdiyi 3 humanitar layihənin təməlqoyma mərasimində iştirak etməkdir.
AZƏRTAC xəbər verir ki, ilk olaraq Bərdənin Yeni Daşkənd kəndinə gedən səfir yerli sakinlərlə görüşdükdən sonra kənd ərazisində məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub.
Səfir R.Sekuta bildirib ki, ABŞ-ın Avropadakı hərbi idarəsinin köməyi ilə Yeni Daşkənd, Alxaslı və Ərdüşlü kəndlərində su sistemlərinin təkmilləşdirilməsi üzrə layihə həyata keçiriləcək. Layihəyə ABŞ səfirliyinin hərbi əməkdaşlıq idarəsi nəzarət edəcək. Layihə reallaşdırıldıqdan sonra 700-ə yaxın ailənin su təchizatı yaxşılaşdırılacaq.
Qeyd edək ki, ABŞ-ın Avropadakı hərbi idarəsi 2003-cü ildən etibarən dəyəri 4 milyon ABŞ dolları olan 17 humanitar yardım layihəsini maliyyələşdirib. Əsasən məcburi köçkün icmalarını əhatə edən bu layihələrə məktəblərin və su təchizatı sistemlərinin təkmilləşdirilməsi və tikintisi daxil olub.