REGİONLAR
Bərdədə 17 kəndi birləşdirən yolun yenidən qurulması işləri yekunlaşır VİDEO








Bakı, 18 iyul, AZƏRTAC
Bərdə rayonunda 12 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yenidaşkənd–Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.
Bu barədə AZƏRTAC-a inşaat işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Uzunluğu 25 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunub. Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının və əsasının genişləndirilməsi işləri aparılıb. Bu çərçivədə qazma-dolma işləri görülüb, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirilib, yolun ümumi eni 10 metrə çatdırılıb. İki hərəkət zolaqlı yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ümumilikdə yola 2 qat olmaqla 10 santimetr qalınlığında 150 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənib.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 2 yerdə uzunluğu 12 metr olan dəmir-beton borular və ümumi uzunluqları 360 metr olan 30 ədəd dəmir suötürücü borular quraşdırılıb.
Bütün işlər başa çatdırıldıqdan sonra zəruri olan yerlərdə 132 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.
Qeyd olunub ki, Bərdə rayonu Yenidaşkənd–Umudalılar avtomobil yolunun tikintisi ilə vətəndaşlarının gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.