REGİONLAR
Bərdədə 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur VİDEO
Bərdə, 13 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda 13,5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı Yol İstismar MMC-nin direktoru İlham Əzimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uzunluğu 17,5 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Artıq işlərin 40 faizi yekunlaşıb. Belə ki, tikinti çərçivəsində müxtəlif həcmdə yol yatağının və əsasının genişləndirilməsi işləri aparılıb. Zəif qrunt olan hissələr qazılaraq, yeri çınqıl materialı ilə doldurulub. Yolun ümumi eni 10 metrə çatdırılıb. İki hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Qaz, elektrik, su və telefon xətləri yoldan kənara köçürülüb, müxtəlif yerlərdə su keçidi üçün 43 boru qoyulub. Ümumilikdə, yola 2 qat olmaqla, 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək.
Hazırda yol əsasının bərkidilməsi işləri ilə paralel yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Artıq 3 kilometrdə birinci qat asfalt örtüyün döşənməsi həyata keçirilib. Bundan başqa, yol boyu 15 yerdə avtodayanacaq qoyulacaq. Zəruri yerlərdə 227 yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi aparılacaq.
Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.
Muğanlı-Körpüsındıran avtomobil yolunun yenidən qurulması sakinlərinin sevincinə səbəb olub. Muğanlı kənd sakini Rəsul Ağayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Uzun illər idi ki, yol sarıdan çətinlik çəkirdik. Xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində problemlər yaranırdı. Bərdə şəhərinə və qonşu kəndlərə gedərkən həm avtomobilimiz sıradan çıxır, həm də hədər vaxt itirirdik. İndi isə yollarımız yüksək keyfiyyətlə yenidən qurulur. Bunun üçün dövlətimizə minnətdarlığımı bildirirəm”.