REGİONLAR


Bərdədə Beynəlxalq Ailə Gününə həsr olunmuş bayram tədbiri təşkil edilib VİDEO

Bərdə, 14 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bərdə türbəsinin qarşısında 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, Bərdə Regional Mədəniyyət İdarəsinin, Qarabağ Regional Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının, Bərdə regional “ASAN xidmət” mərkəzinin digər idarə və müəssisələrinin kollektivi, gənc, nümunəvi və yaradıcı ailələr, şəhid ailələri və qazilər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən hər il mayın 15-nin dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edildiyini söyləyib. O bildirib ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir. Müstəqil Azərbaycanda ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.

Regional idarənin rəisi diqqətə çatdırıb ki, idarənin əhatə etdiyi şəhər və rayonların bütün mədəniyyət müəssisələrində dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Dövlətin ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapıb. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da özünü göstərir. Həmçinin çıxışlarda ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirlərindən danışılaraq, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulan ailələrin daha uzunömürlü və xoşbəxt olması xüsusilə vurğulanıb.

Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam edib. Rayon incəsənət xadimlərinin təqdim etdiyi musiqi nömrələri, nümayiş olunan sərgilər, milli mətbəximizin nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.