CƏMİYYƏT


Bərdədə “Laboratoriyaların tibbi tullantılarının idarə edilməsi” mövzusunda təlim keçirilib

Bakı, 19 avqust, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin laboratoriya üzrə eksperti Radu Kojakaru və ÜST -nin ölkə ofisinin eksperti Cəvahir Süleymanova “Laboratoriyaların tibbi tullantılarının idarə edilməsi” mövzusunda təlim kurslarını davam etdirir.

AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, COVID-19 kontekstində laboratoriya şəbəkəsinin gücləndirilməsinə davamlı dəstək çərçivəsində keçirilən təlimlər Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Bərdədə həyata keçirilən təlimlərdə sözügedən rayon və yaxın bölgələrdən laboratoriya əməkdaşları və müxtəlif xəstəxanalardan tibb işçiləri iştirak ediblər.

Təlim kurslarına laboratoriyada yaranan tullantıların müxtəlif kateqoriyaları, müvafiq risklər və tullantıların idarə edilməsi prosesi, o cümlədən seqreqasiya, müvəqqəti saxlama, daşınma, zərərsizləşdirmə və təkrar emalı haqqında məlumatlar daxil edilib. Tullantıların idarə olunması üzrə təlimlər tibb işçilərinə səhiyyə müəssisəsində tullantıların kateqoriyalarının müəyyən edilməsində biliklərini təkmilləşdirməyə, ictimai səhiyyə və ətraf mühitə mənfi təsirləri minimuma endirmək üçün ən yaxşı təcrübə və strategiyanı təkmilləşdirməyə kömək edir.

Güclü laboratoriya şəbəkəsi qlobal sağlamlıq təhdidlərini aşkar etmək və onlara cavab vermək üçün zəruridir. Bundan sonra da ÜST Azərbaycanda tibbi xidmətlər üçün keyfiyyətin idarə edilməsi və biotəhlükəsizliyin gücləndirilməsinə dəstəyini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.