Bərdədə Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolu yenidən qurulur VİDEO
AzerTAg.az
Bakı, 14 aprel, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bərdə rayonunda Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı kilometrindən ayrılan Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolunun uzunluğu 8 kilometr olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. İki hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 44 yerdə müxtəlif diametrlərdə olan suötürücü boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülüb.
Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən, optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunacaq. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Bütün işlər tam yekunlaşdıqdan sonra zəruri yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.





Xəbərin mətnində orfoqrafik səhv var