REGİONLAR
Bərdədə Qarağacı-Mirzəcəfərli-Mollagüllər yolunun yenidən qurulması davam edir VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı kilometrindən ayrılan və uzunluğu 8 kilometr olan Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən inşa olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. İki hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün zəruri yerlərdə müxtəlif diametrlərdə olan suötürücü boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası və beton küvetlərin tikintisi işləri görülüb.
Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən, optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Artıq yolun 5 kilometrlik hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.