REGİONLAR


Bərdədə “Şuşa İli”nə həsr olunmuş muğam festivalının birinci mərhələsi keçirilib

Bərdə, 21 may, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə “Şuşa İli”nə həsr olunmuş muğam festivalının birinci mərhələsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilən festivalda Regional İdarənin rəisi Vəsilə Möhsümova çıxış edərək, festivalın əhəmiyyətindən, milli musiqimizin zənginliyindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, festivalın keçirilməsində məqsəd UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğam ənənələrinin və milli dəyərlərimizin yaşadılması və təbliği, uşaq musiqi və incəsənət məktəblərində xanəndəlik ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və dəstəklənməsidir.

Festival iki mərhələdən (I mərhələ regionlar üzrə və II mərhələ final mərhələsi) ibarət olmaqla, iki yaş qrupu (I qrup: 9-12 yaş, II qrup: 13-17 yaş) üzrə keçirilib. Birinci mərhələdə münsiflər heyəti festivala qatılmış məktəblərin şagirdlərinin seçimini aparıb. Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblər üzrə muğam festivalında iştirak edən şagirdlərdən 18 nəfər II mərhələyə vəsiqə qazanıb.

Müsabiqənin növbəti mərhələsi Bakı şəhər Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.