REGİONLAR


Bərdədə Vətən müharibəsi şəhidinin təltif olunduğu orden ailəsinə təqdim edilib

Bərdə, 3 avqust, AZƏRTAC

Vətən müharibəsi şəhidi Abışov Asif Əlövsət oğlunun ölümündən sonra təltif edildiyi “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni Bərdədə ailəsinə təqdim edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon icra hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin nümayəndəsi kapitan Samir Məmmədov şəhidin ailəsini ziyarət ediblər.

Görüş zamanı şəhid Asif Abışovun ailəsi onun şərəfli həyat və döyüş yolundan danışıblar. Bildirilib ki, Vətən müharibəsi başlanan ilk gündən döyüşlərə atılan Asif Abışov öz cəbhə yoldaşları ilə birlikdə Füzulinin, Xocavəndin düşmən işğalından azad edilməsi uğrunda ön xətdə böyük igidliklər göstərib. Noyabrın 2-də Xocavənd uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ordenin təqdim edilməsi mərasimində Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən, qazanılan tarixi Qələbədən danışılıb. Bildirilib ki, qəhrəman oğullarımızın ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdikləri fədakarlıqlar bun gün dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Şəhid Asif Abışovun ailə üzvləri Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində xalq-ordu birliyinin möhkəmliyindən danışıb, dövlət səviyyəsində şəhid analarına və müharibə əlillərinə, iştirakçılarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.