CƏMİYYƏT
Bərdədə bacısını və polis əməkdaşını öldürməyə cəhd göstərən şəxslə bağlı cinayət işinin istintaqı yekunlaşdırılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Mayın 30-da Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində Vüsalə Cəfərovaya və rayon polis şöbəsinin əməkdaşı Eşqin Məmmədova bıçaq zərbələri vurularaq, qəsdən öldürülmələrinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla müəyyən edilib ki, həmin tarixdə Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş rayon polis şöbəsinin əməkdaşları həmin ünvana daxil olarkən Vüsalə Cəfərova azyaşlı qızı ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla sonuncunu təqib edərək ona xəsarətlər yetirməklə qəsdən öldürməyə cəhd göstərib. Daha sonra Elçin Cəfərovun xidməti vəzifəsini həyata keçirməklə Vüsalə Cəfərovanın öldürülməsinin qarşısını alan rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Eşqin Məmmədova da bıçaqla xəsarət yetirərək qəsdən öldürməyə cəhd göstərməsi müəyyən olunub.
Elçin Cəfərov təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.