REGİONLAR
Bərdədə buraxılış (qəbul) imtahanlarında 1258 abituriyent iştirak edib
Bərdə, 25 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin iyunun 25-də Bərdə rayonunda keçirdiyi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarında, ümumilikdə 1258 abituriyent iştirak edib.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Eltun Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanlar, ümumilikdə 6 binada təşkil edilib. İmtahanların təşkil edilməsi üçün 14 imtahan rəhbəri, 118 zal nəzarətçisi, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.
Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən başa çatıb.