REGİONLAR
Bərdədə ədəbi-bədii gecə : “Cənnətimin günəşi”






Bərdə, 7 mart, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Bərdə rayon Mədəniyyət Mərkəzində “Cənnətimin günəşi” adlı ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və respublikamızın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının hazırladığı “Ağarmış saçlar” adlı teatr tamaşası nümayiş olunub.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov şəhid analarını və şəhidlərin ailə üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Qeyd olunub ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimiz və Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər edib. Yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirib, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılayıb. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğruldub.
Şəhid ailələri çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sonda şəhid analarına gül dəstəsi və hədiyyələr təqdim olunub.