REGİONLAR
Bərdədə əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır VİDEO
Bərdə, 20 noyabr, AZƏRTAC
Bərdə rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə rayonun kəndlərində, ümumilikdə, 20 subartezian quyusu qazılıb.
AZƏRTAC xəbər verir ki, Bərdə rayonunun Əliyanlı və Qaradəmirçi kəndlərində yeni qazılmış subartezian quyularının istifadəyə verilməsi münasibətilə tədbirlər keçirilib. Çıxış edənlər rayonda digər sahələrdə olduğu kimi, aqrar sahənin inkişafı, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun Bala Qacar, Soğanverdilər, Əmirli, Xanərəb, Samuxlu, Əliyanlı, Kətəlparaq, Şirvanlı, Hüseynbəyli, Şahvəlilər, Xanağalı, Mirzəcəfərli, Cəyirli, Hacallı, Qazıqurdalı və Qaradəmirçi kəndlərində 650 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda subartezian quyuları işə salınıb.