REGİONLAR
Bərdədə əkinlərin su təminatının yaxşılaşdırılması üçün kanallar beton üzlüyə alınır VİDEO
Bərdə, 2 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bərdə rayon suvarma sistemləri idarəsinin rəisi Sərdar Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonun əkin sahələri mənbəyini Yuxarı Qarabağ kanalından götürən 1366,8 kilometr suvarma kanalı, Kür və Tərtər çayları üzərində qurulmuş 13 nasos stansiyası, yerli qaynama suları və subartezian quyuları vasitəsilə suvarılır. Rayonda 2020-ci ilin məhsulu üçün əkilmiş taxıl, yonca və digər bitkilərin suvarılması həyata keçirilib, pambıq əkiləcək sahələrdə arat işləri aparılıb.
İdarə rəisi bildirib ki, əkin sahəsinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə ilin əvvəlindən kanallarda lildəntəmizləmə işləri və hidrotexniki qurğuların təmiri davam etdirilib. Hazırda əkin sahələrinin suvarılmasını təmin edən torpaq kanallarda su itkisinin qarşısının alınması məqsədilə kanalların beton üzlüyə alınması istiqamətində işlər görülür. Uzunluğu 12,6 kilometr olan və 350 hektar sahənin suvarılmasına xidmət edən 13 X-1 kanalının 1,2 kilometr hissəsinə beton üzlüyün çəkilməsinə başlanılıb. Artıq 700 metr hissənin beton üzlüyə alınması həyata keçirilib. Bu il 13-cü paylayıcı kanalın da bir kilometr hissəsinə beton üzlüyün çəkilməsi nəzərdə tutulub və 300 metrdə işlər başa çatdırılıb. Bundan başqa, Yuxarı Qarabağ kanalının sağ sahilində bir ədəd elektriklə işləyən nasos stansiyası inşa olunur, Şəhriyar nasos stansiyası isə əsaslı təmir edilir. Bu il daha bir nasos stansiyasının elektrik təsərrüfatının da yenidən qurulması nəzərdə tutulur.