REGİONLAR
Bərdədə gənc könüllülər aztəminatlı ailələrdən olan şagirdlərə məktəbli ləvazimatları çatdırıblar









Bərdə, 21 sentyabr, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyi və Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Təbəssüm yarat" adlı xeyriyyə aksiyası keçirilib. Aksiyanın məqsədi aztəminatlı ailələrdən olan şagirdləri yeni dərs ili öncəsi məktəbli ləvazimatları ilə təmin etmək olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində Bərdə şəhərinin tanınmış mağazalarına xeyriyyə qutuları yerləşdirilib. Yardım etmək istəyən vətəndaşlar şəhər ərazisindəki mağazalara yaxınlaşaraq qələm, dəftər, rəngli boya və digər məktəbli ləvazimatlarını həmin qutulara atıblar.
Xeyriyyə aksiyasına Milli Məclisin deputatı Fatma Yıldırım da qoşulub.
Toplanmış məktəbli ləvazimatları gənc könüllülər tərəfindən aztəminatlı ailələrdən olan 40-a yaxın şagirdə çatdırılıb.