REGİONLAR
Bərdədə ilin birinci yarısında 29,4 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb
Bərdə, 28 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
İlin birinci yarısında Bərdə rayonunda 193,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 7,6 milyon manatlıq sənaye, 87,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 29,4 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. 2016-cı ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı 11,1 faiz, sənaye məhsulu istehsalı 21,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 5,3 faiz, tikinti-quraşdırma işləri 48,5 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Bərdə rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsində bildirilib ki, ilin ötən dövründə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla davam etdirilib. Bu dövrdə Bərdə şəhərində və kəndlərdə geniş abadlıq işləri aparılıb. Küçə və meydanlara, yolların kənarlarına 5 mindən çox ağac və 15 mindən çox gül kolları əkilib. Xanqaraqoyunlu kənd tam orta məktəbinin binası əsaslı təmir edilib, Hacılar kəndində süd toplama məntəqəsi tikilib. Bərdə şəhərində 6 ədəd beşmərtəbəli, 2 ədəd ikimərtəbəli kommunal yaşayış binasının dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir olunub.
Hazırda Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, Yuxarı Qarabağ kanalının maşın qolunun, Yeni Daşkənd-Umudalılar, Bərdə-Ağcabədi avtomobil yollarının tikintisi davam etdirilir. Tərtər çayı yatağında sahilbərkitmə işləri aparılır, şəhər 2 və 6 nömrəli tam orta məktəblərinin binaları, İmamzadə kompleksi əsaslı təmir olunur, “Bərdə” türbəsi bərpa edilir.
Yığıncaqda aqrar sahədə görülən işlər təhlil edilərkən bildirilib ki, ilin birinci yarısında 15 min 846 hektar sahədə yazlıq bitkilər, o cümlədən 8518 hektarda pambıq, 989 hektarda şəkər çuğunduru, 168 hektarda kartof, 2279 hektarda tərəvəz, 1403 hektarda bostan, 266 hektarda günəbaxan, 223 hektarda qarğıdalı, 1541 hektarda çoxillik otlar, 438 hektarda soya əkilib. Hər hektardan 38,3 sentner olmaqla, 53 min 464 ton taxıl əldə edilib.
Hesabat dövründə rayona 304 baş ətlik-südlük və 41 baş südlük istiqamətli cins heyvan alınıb gətirilib. 5098 baş iribuynuzlu heyvan süni mayalandırılıb, 1800 baş sağlam bala alınıb. Bu dövrdə ət istehsalı 7,7 faiz, süd istehsalı 2,2 faiz artıb, 12,5 ton barama istehsal olunub.
Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət məsələləri də ətraflı müzakirə edilib, sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb, vətəndaşların sosial müdafiəsi, ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər təhlil olunub.